Banner

Pul yığmaq üçün parkomat qoyuldu; əsas məsələlər yaddan çıxdı - FOTO

Yazarlar 13 May 2015 21:27 Oxunub 4300
Pul yığmaq üçün parkomat qoyuldu; əsas məsələlər yaddan çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həm parkomata pul, həm də cərimə ödəmək istəmirsinizsə, bunları yadda saxlayın! 

Ötən həftə parkomat quraşdırılmış yerdə ödəniş edilməklə duracağa qoyulmuş avtomobil sürücülərinin yol polisi tərəfindən cərimələnməsi barədə xəbərlər yayıldı. Təsəvvür edin ki, sürücü maşını duracaqda saxlayıb, parkomata ödəniş edib və qəbzi avtomobilin qabaq alın şüşəsinin üstünə qoyaraq öz işinin arxasınxa gedib. Qayıdanda görüb ki, həmin qəbzin yanında yol polisinin dayanma-durma qaydalarının pozulması ilə bağlı yazdığı cərimə protokolu da var…. 

Sürücülərin gələcəkdə belə problemlərlə qarşılaşmamaları üçün bu məsələ ilə bağlı bəzi məqamları diqqətə çatdırmaq istəyirəm.

Belə halların olmasını qabaqcadan proqnozlaşdırmışdıq. Çünki parkomatlar qoyularkən yol hərəkətinin təşkilinə dair bir sıra elementar məsələlər həll edilmədi. Həmin məsələlər parklanma yerlərinin nişanlarla və nişanlanma xətləri ilə təchiz edilməsidir. Müvafiq yol kənarının parklanma yeri olduğunu bildirən əsas meyar həmin parkomatlar yox, məhz belə nişanlar və nişanlanma xətləridir. Şəkildə gördüyünüz nişanlar və nişanlanma xətləri olmayan yerin parklanma yeri olduğunu söyləmək doğru deyil. Bu səbəbdən DYP əməkdaşlarının parkomatın ətrafında duracağa qoyulmuş bəzi avtomobil sürücülərini cərimələməsi tamamilə qanunidir.

Yazıya əlavə etdiyim şəkildə gördüyünüz nişanlar və 1.1 bütöv ağ xətt vasitəsilə parklanma yerinin hüdudları (yəni haradan başlayıb harada qurtarması), habelə həmin yerdə avtomobillərin duracağa qoyulma üsulu göstərilir. Bunlar olmadıqda dayanma və durma qaydaları pozula bilər və həmin yerdə hazırda Bakının parklanma yerlərində olduğu kimi xaos yaranar. 

Beləliklə, parkomatın yaxınlığında avtomobilini duracağa qoymuş sürücünün DYP əməkdaşları tərəfindən dayanma və durma qaydalarını pozmaya görə məsuliyyətə cəlb edilməsi əslində həmin parklanma yerlərinin təşkilinin doğurduğu problemdir. Bununla belə, sürücülər “parkomat var, pul ödəmişəm” düşünərək dayanma və durma qaydalarını pozmamalıdırlar. Əks təqdirdə, parkomata ödəniş etmiş olsalar da, cərimələnəcəklər, hətta qaydaları pozmaqla parkomat yanında duracağa qoyulmuş avtomobil evakuator vasitəsilə mühafizə olunan duracağa da aparıla bilər. 

Parkomat olan yerdə belə sürprizlə qarşılaşmaq istəməyən sürücü aşağıdakılara fikir verməlidir.

1. Heç bir halda ikinci cərgədə dayanmaq və durmaq olmaz. Yolun, küçənin, prospektin bilavasitə kənarında olan parklanma yerlərində yalnız bir cərgədə duracaq təşkil oluna bilər və istənilən halda ikinci cərgədə dayanma və durma qadağandır.

2. Parkomatın yaxınlığındakı piyada keçidlərində və həmin keçidlərə 5 metr qalmış dayanmaq və durmaq qadağandır. Bu tələbi də pozsanız, parkomata ödəyəcəyiniz pul batacaq, cərimə ödəyəcəksiniz, üstəlik avtomobilinizi duracaqda yox, DYP-nin cərimə meydançasında tapacaqsınız.

3. Parkomatın yaxınlığındakı yolayrıclarında və yolların kəsişmə yerlərində, habelə belə yerlərə 5 metrdən yaxında da dayanma və durma qadağandır. Bu qadağanı da pozma eyni problemlərə gətirib çıxaracaq. 

4. Problemlə üzləşəcəyiniz başqa bir tipik hal parkomatın yaxınlığında səkiyə çıxmaqla duracağa qoyma zamanı ola bilər. Nəzərə almaq lazımdır ki, yalnız 5.15 və ya 5.44 nişanının müvafiq olaraq 7.6.2, 7.6.3 və ya 7.6.6-7.6.9 nişanlarından hər hansı biri ilə birgə tətbiq olunduğu halda minik avtomobillərini, motosikletləri, mopedləri və velosipedləri səkiyə çıxmaqla duracağa qoymaq olar. Belə nişan olmadıqda, yaxud belə nişan olsa da, yük avtomobillərinin, mikroavtobusların və avtobusların səkiyə çıxmaqla duracağa qoyulması qəti qadağandır və buna yol vermək olmaz.

5. Ən qəliz problem parkomat olan yerdə duracağa qoyulma üsulunun pozulmasıdır. «Yol hərəkəti haqqında» Konvensiyanın 23-cü maddəsinin 2-ci bəndinin «b» yarımbəndini və müvafiq yol nişanlarının mənasını nəzərə aldıqda məlum olur ki, nəqliyyat vasitələri başlıca olaraq  hərəkət hissəsinin kənarına paralel olaraq dayanmalıdır. Bu qaydadan kənara çıxılması, yəni  nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinə paralel deyil, başqa üsulla (yola perpendikulyar və ya müəyyən bucaq altında) duracağa qoyulması yalnız bir halda ― yolun müvafiq hissəsinin quruluşu (konfiqurasiyası) buna imkan verdikdə və həmin yer belə üsulla dayanma və durmanı nəzərdə tutan  nişanlarla və nişanlanma ilə işarələnmiş olduqda mümkündür. Belə nişanlanma yenə də 1.1 bütöv xətti, 5.15 və ya 5.44 nişanının 7.6.4 və ya 7.6.5 lövhəciyi ilə birgə tətbiq edilməsi olacaqdır (şəkildə gördüyünüz kimi). Əgər parklanma yerində yalnız 5.15 və ya 5.44 nişanı varsa, bu, o deməkdir ki, avtomobilinizi yalnız bordürə paralel olmaqla duracağa qoya bilərsiniz. 

Sürücülər duracağa qoymanın bəzi başqa qaydalarını da pozduqda problemlə üzləşə bilərlər. Ona görə də parkomata pul odəmiş olsanız da, dayanma və durmanın qaydalarınıı pozmayın. Bunun əksi olduqda gözləmədiyiniz sürprizlə üzləşməyiniz qaçılmaz ola bilər.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh