Qəzada möcüzə; təhlükəsizlik kəməri ən etibarlı həyat sığortasıdır - FOTO

Yazarlar 17 Fevral 2015 07:10 Oxunub 2111
Qəzada möcüzə; təhlükəsizlik kəməri ən etibarlı həyat sığortasıdır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rüstəmxanlılar ailəsinin düşdüyü faciəvi qəza bir daha bunu təsdiqlədi

Ötən həftə tanınmış jurnalist və naşir Şahbaz Xuduoğlunun digər ailə üzvləri ilə birgə düşdüyü ağır qəza cəmiyyətdə ən ciddi rezonans doğuran avtoqəzalardan oldu. Məlum olduğu kimi, Şahbaz bəyin xanımının dünyasını dəyişdiyi, bacısının isə ağır xəsarət aldığı bu qəza avtomobilin dərəyə yuvarlanması nəticəsində baş verib. Mərhumun ailəsinə səbir diləyərək bu qəzanın bir məqamını bütün cəmiyyətimizin diqqətinə çatdırmaq istəyirik.

Qəza zamanı avtomobildə beş nəfər olub. Hündür uçurumdan dərəyə yuvarlanaraq tam yarasız vəziyyətə düşən avtomobilin sükanı arxasında sürücü, qabaq sərnişin yerində isə Şahbaz Xuduoğlu olub. Arxa oturacaqda isə mərhum Könül xanım. Şahbaz bəyin bacısı və kürəkəni olublar. Belə ağır qəzada qabaq oturacaqlarda olan sürücü və sərnişin qəzadan demək olar ki, tamamilə xəsarətsiz çıxa biliblər. Arxa oturacaqda olan sərnişinlərdən isə biri dünyasını dəyişib, ikincisi xanım ağır xəsarət alıb, kürəkənin isə qolu sınıb və başqa xəsarətlər alıb. Avtomobilin qəzadan sonrakı fotosuna diqqətlə baxanda aydın görünür ki, onun qabaq tərəfi daha çox əzilib, hətta avtomobilin damı qabaq tərəfdə az qala sükana qədər çatıb. Buna baxmayaraq, qabaqdakı sərnişin və sürücü tam xəsarətsiz qurtula bilmişlər. Bəs bu möcüzənin səbəbi nə olub?

Düzdür, cəmiyyətimizdə möcüzəyə inananlar daha çoxdur. Amma məhz bu hadisənin belə nəticəsi möcüzəyə deyil, qanunauyğunluğa bağlıdır. Qanunauyğunluq isə çox sadədir. qabaqda əyləşən sürücünün və sərnişinin təhlükəsizlik kəməri bağlı olub. Nəticədə onlar yuvarlanan avtomobilin içində kresloya bağlanmaqla tərpənməz vəziyyətdə qalıb, ora-bura çırpılaraq xəsarət almayıb və ən başlıcası, yuvarlanan maşının daha təhlükəli olan kənarlarına düşməyiblər. Arxadakı sərnişinlər isə kəmərdən istifadə etməmələri səbəbindən yuvarlanan maşının içində ora-bura çırpılıb və hətta maşının əzilmiş sağ və sol tərəfinə, habelə damına tərəf yerlərini dəyişərək daha ciddi xəsarətlər alıblar.

Bu qəza təhlükəsizlik kəmərinin nə dərəcədə həyati əhəmiyyət daşıdığını bir daha əyani şəkildə göstərdi.

Təhlükəsizlik kəmərinin əhəmiyyəti barədə hüquqşünas Ərşad Hüseynovun yol hərəkəti qaydalarının şərhinə dair kitabındakı qeydlərini də nəzərinizə çatdırırıq. Müəllifin bu fikirlərini hər kəs hər zaman öz yaddaşına yazmalıdır: «Təhlükəsizlik kəməri nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin təhlükəsizliyini təmin edən ən mühüm vasitələrdən biridir. Təcrübədən məlumdur ki, yol-nəqliyyat hadisələri zamanı təhlükəsizlik kəmərindən istifadə edən sürücü və sərnişinlər arasında ölüm və xəsarət halları bu vasitədən istifadə etməyənlərlə müqayisədə dəfələrlə az olur. Digər tərəfdən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü xırda yol-nəqliyyat hadisəsi, hətta bəzən sərt tormozlama zamanı çox vaxt sükan arxasındakı yerindən çıxır, bunun nəticəsində özünü itirərək nəqliyyat vasitəsi üzərində nəzarəti bir anlığa olsa da itirir və çox ağır yol-nəqliyyat hadisələrinin səbəbkarına çevrilir. Deməli, təhlükəsizlik kəməri müəyyən mənada həm də yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyi üçün zəruridir».

Beləliklə, təhlükəsizlik kəməri sürücü ilə nəqliyyat vasitəsinin özünəməxsus vəhdətini təmin edir, ekstremal vəziyyətlərdə nəinki sürücünü xəsarət almaqdan və ölümdən xilas edir, həm də onun daima sükan arxasında qalmasını, nəqliyyat vasitəsinə nəzarət edə bilməsini təmin edir.

Qeyd etmək lazımdır ki, bəzən sürücülər tənbəllikdən, eqoist mülahizələrdən və başqa bu kimi mə-nasız səbəblərdən təhlükəsizlik kəmərini bağlamırlar. Lakin yadda saxlamaq lazımdır ki, təhlükəsizlik kəmərini bağlamaq həm də yol hərəkəti mədəniyyətinin göstəricisidir. Digər tərəfdən, heç kəs onu gözləyən təhlükəni qabaqcadan duymaq qabiliyyətinə malik deyildir, ona görə də bütün mümkün təhlükəsizlik tədbirləri görülməlidir ki, qabaqcadan duya bilmədiyimiz təhlükə anında xilas olmaq şansımız olsun. Oxucularımızın əksəriyyətinin inanclı insanlar olduğunu nəzərə alaraq xatırlatmaq istəyirik ki, «Özünü qoruyanı Allah da qoruyar».

 

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh