Radara düşən məşhurlar - O deputatı da tanımır
Yəqin ki, hər bir sürücü həyatında heç olmasa bir dəfə sürət həddini aşaraq radara düşüb və buna görə cərimə ödəyib. Heç şübhəsiz, sürücülər arasında tanınmışlar, məşhurlar da olmamış deyil və onlar da nə vaxtsa bu “sınaq”dan çıxıblar. Avtosfer.az xəbər verir ki, Trend sükan arxasında əyləşən məşhurlara “Radara düşmüsünüzmü” sualı ilə müraciət edib.
Milli Məclisin deputatı Qalib Salahzadə bildirib ki, 44 ildir sükan arxasında olsa da, indiyə qədər radara düşməyib: “Mən biraz təmkinli adamam. Çalışıram ki, həyatda tələsməyim. Bunu maşında da edirəm. 1971-ci ildən avtomobil sürürəm: sakit, rahat və səliqəli. Buna görə də radara düşmürəm. Yol polisi ilə heç zaman problemim olmayıb. Qaydalara əməl edərək maşın sürürəm, sağ olsun, onlar da məni saxlamırlar. Son illər isə ümumiyyətlə maşın sürmürəm, bu işi sürücüm görür”.
Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bir neçə ildir sürücülüyə başlasa da, radara düşməyib: “Mən maşını ehtiyatla sürürəm. Hətta bəzən olur ki, müəyyən olunmuş sürət həddindən aşağı sürətlə idarə edirəm. Bu səbəbdən indiyə qədər radara düşməmişəm. Yol hərəkəti qaydalarına da riayət edirəm. Əslində, bunu hamı etməlidir. Bu, ilk növbədə, sürücülərin və piyadaların təhlükəsizliyi üçün vacibdir. Tam səmimi deyəcəyəm, bütün qaydalara riayət etdiyimə görə yol polisi indiyə qədər maşınımı saxlamayıb. Buna səbəb olmayıb”.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bir dəfə radara düşüb: “Rayondan Bakıya gələndə bir dəfə radara düşmüşəm. Sürücülük təcrübəmdə bu, bir ilk olub. Buna görə də cərimə ödəmişəm. O ki qaldı yol polislərinə, onlarla aramda indiyə qədər hər hansı problem olmayıb. Çox nəzakətlə davranıblar. Yəqin ki, onlar olmasaydı, yolda qəzaların sayı sürətlə artar, avtoxuliqanlıq daha geniş yayılardı”.
İqtisadçı ekspert Vüqar Bayramov da bir dəfə radara düşüb: “12 ildir ki, avtomobil idarə edirəm. Bunun iki ili ABŞ-da, 10 ili isə Azərbaycanda olub. Demək olar ki, hər gün maşından istifadə edirəm. Bu müddətdə yalnız bir dəfə radara düşmüşəm. Özü də ciddi sürət artımı olmayıb. Buna görə cərimə ödəmişəm. Yol polisləri sima olaraq televiziyadan bizi tanıyırlar. Çox hörmətlə yanaşırlar. Mən də çalışıram ki, heç bir halda qaydanı pozmayım”.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı sonuncu dəfə may ayında Şamaxı rayonu ərazisində radara düşüb: “Bundan əvvəl də bir dəfə radara düşmüşəm. Birincini əsassız olduğu üçün ləğv ediblər. Sonuncu radarın isə cəriməsini ödəmişəm”.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, radar məşhur, qeyri-məşhur tanımır: “Sürücü sürət həddini aşırsa, radara düşür və buna görə cərimə olunur. Bu məsələdə sürücünün hansı status daşıması heç bir rol oynamır”.