Reklam

Rayon maşınlarımız başqa paytaxtlarda daha sərbəst hərəkət edir - FOTO

Yazarlar 9 Oktyabr 2015 09:43 Oxunub 1906
Rayon maşınlarımız başqa paytaxtlarda daha sərbəst hərəkət edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Başqa ölkələrin paytaxtlarında sərbəst hərəkət edən avtomobillərimiz Azərbaycan paytaxtına niyə girə bilmir?

Belə bir sualı Akşin Hüseynov adlı oxucu milli.az-a şikayət məktubundan ünvanlayıb. O qeyd edib ki, Azərbaycanın bölgələrindən birində qeydiyyatda olan avtomobillər Rusiyanın paytaxtı Moskva şəhərində sərbəst hərəkət edə bildiyi halda, öz paytaxtımıza buraxılmır: "Bura Moskvanın mərkəzi yerlərindən biridir. Baxın, bu "Mercedes" markalı maşın Azərbaycanın gözəl güşələrindən biri olan Tovuz rayonunda qeydiyyatdadır. Bu maşın Moskvaya buraxılır, amma Azərbaycanda rayon qeydiyyatında olan maşınlar Bakı şəhərinə buraxılmır".

Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının qərarı ilə, Bakı qeydiyyatında olmayan nəqliyyat vasitələri payız-qış mövsümündə saat 07:00-dan 21:00-dək, yaz-yay mövsümündə isə saat 06:00-dan 22:00-dək paytaxt ərazisinə buraxılmır. 

Bir sıra ekspertlər isə bildirirlər ki, Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanuna əsasən, Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının vətəndaşlar üçün məcburi olan hər hansı normativ hüquqi akt qəbul etmək, icrası məcburi olan qərarlar vermək səlahiyyəti olmadığından ölkə vətəndaşlarına qarşı avtomobillərin paytaxta buraxılmaması ilə bağlı selektiv məhdudiyyət tətbiq etməsini nəzərdə tutan bu qərarının da heç bir hüquqi qüvvəsi yoxdur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının bu qərarı "Yol hərəkəti haqqında" Qanunun 12-ci (Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi) maddəsi əsasında qəbul edilib. Bu qanun isə müəyyən belə məhdudiyyətin tətbiqinə icazə verir: "Əvvəla, bu gün paytaxt yollarında təmir və yenidənqurma işləri aparılır. Bundan başqa, nəqliyyat sıxlığı ucbatından yollarda keçilməzlik yaranıbsa, əgər yanğın olanda yanğınsöndürən avtomobilləri yoldan keçid gedə bilmirsə, hansı təhlükəsizlikdən danışmaq olar? Təhlükəsizliyi təmin etmək üçün başqa hansı çıxış yolu var? Əhalinin çoxu bu qərardan razılığını bildirir. Sadəcə, 5-6 nəfər var ki, şəhərə məhz öz maşını ilə girmək istəyir".

Qeyd edək ki, həmin maddənin birinci bəndinə əsasən, yol hərəkəti yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər:

1) yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə;

2) təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə;

3) yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda;

4) hava-iqlim şəraiti xeyli pisləşdikdə;

5) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Rustam 10 Oktyabr 2015 02:26
Bakida hemise yollarda temir isleri aparilib.hec tuneller korpuler tikilende bele qadagalar yoxuydi.Teze behane.Yaxsiki deyirler muveqqeti bes ne vaxta qeder hansi tarixde bu qanunsuzluq yigisdirilacaq Neceki olimpiya vaxti mehdudiyyet qoyuldu bu mehdudiyyetin baslama ve bitme vaxti evvelceden deyildi camaata.