Şəhərin ölüm saçan avtobusları – Araşdırma

Yazarlar 16 İyul 2015 16:22 Oxunub 2786
Şəhərin ölüm saçan avtobusları  – Araşdırma
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taleyimizlə oynayan nəqliyyatçıları durduran tapılacaqmı?

Şəhərdaxili nəqliyyatda fəaliyyət göstərən avtobusların iştirakı ilə baş verən qəza xəbərlərinə artıq alışmışıq. Lakin onların vurduğu ziyanın, insanlara yetirdiyi xəsarətlərin (bu zaman ölüm halları da baş verir) əvəzinin ödənilməsi barədə yetərincə məlumat almaq mümkün olmur. Ona görə yox ki, həmin informasiyalar mətbuata açıqlanmır. Problemin kökündə başqa mətləblər dayanır…

Nəqliyyat sisteminin ciddi nöqsanlarından biri də xəttə buraxılan avtobusların sığorta edilməməsidir. Nəticədə isə barəsində danışcağımız Elşən Hüseynov kimi yüzlərlə vətəndaş sağlamlığını, üstəlik ailəsi üçün güclə qazandığı vəsaitini itirmək məcburiyyətində qalır.

Avtosfer.az xəbər verir ki, bu barədə strateq.az-a daxil olan məlumata görə, Suraxanı rayonu ərazisində “Komsomol” dairəsində 49 saylı marşrut üzrə hərəkət edən avtobus rayon sakini Elşən Hüseynovun idarə etdiyi  “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Mersedes”də olan  bir ailənin 2 üzvü – sürücü və onun həyat yoldaşı ağır dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Qəzada E.Hüseynov kəllə-beyin travması alıb. Bundan əlavə, üst dodağı deşilib, sol göz almacığı və burnu qırılıb. Həyat yoldaşı isə onurğa sütununun zədələnməsi ilə müşayiət olunan bədən xəsarətləri alıb. Avtomobildə olan digər şəxs də bədən xəsarətləri alıb.

Vətəndaşlar can hayında, avtobuslar öz işində

Qeyd edək ki, 3 nəfərin səhhətində ciddi iz qoyan hadisə bu ilin yanvar ayında baş verib. 49 saylı marşrut üzrə hərəkət edən avtobus isə “Xaliq Faiq oğlu” MMC-yə məxsusdur. Baş vermiş faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb və E.Hüseynov zərərçəkən şəxs kimi tanınıb. Lakin ailəyə dəyən ziyan bu günədək ödənilməyib. Daha doğrusu, adıçəkilən nəqliyyat şirkəti ziyanı ödəməkdən boyun qaçırıb.

Hadisə zamanı avtomobildə olan şəxslər zədə almaqla bərabər, maşın da deformasiyaya uğrayıb.  Hazırda isə iş Sabunçu Rayon Məhkəməsində araşdırılır. Vətəndaşlara ciddi xəsarətlərlə ziyan vuran şirkətin avtobusu isə yenə də yollarda şütüyür. Bu ifadəni təsadüfən işlətmədik. Bu gün şəhərdaxili nəqliyyatda işləyən avtobusların əksəriyyəti yol hərəkəti qaydalarına məhəl qoymayaraq əllərinə imkan düşən kimi sürət həddi aşırlar. Nəticədə isə bu kimi bədbəxt hadisələr baş verir.

Bu günlərdə Nizami rayonu Q.Qarayev prospektində (“Xalqlar dostluğu” metrosunun yaxınlığında) 15 saylı avtobusun törətdiyi qəzanın nəticələri isə daha ağır olub. Bəs avtobus sürücülərinin məsuliyyətsizliyi üzündən baş verən belə hadisələrdə vətəndaşlara və onların əmlakına dəyən zərərin ödənilməsi niyə problemə çevrilib? İnsanlar halal haqlarını almaq üçün hansı məərhələlərdən keçməlidirlər?

 “Xaliq Faiq oğlu” MMC at oynadır

Araşdırmalar zamanı “Xaliq Faiq oğlu” MMC-yə məxsus olan  49 saylı marşrutun fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilib. Məlum olub ki, bu, qurumun tərkibində fəaliyyət göstərən sürücülərlə bağlı ilk belə hadisə deyil. Onlar davamlı olaraq qəza törədirlər, sonra da belə laqeyd münasibət göstərirlər. Şirkətin sürücüləri marşrut fəaliyyəti zamanı qanunla müəyyən edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” Qaydaları haqqında Nazirlər Kabinetinin qərarına və nəqliyyat vasitələrinin icbari sığortası haqqında hüquqi aktlara əməl etmirlər.  

Məlumdur ki, qanunvericiliyə əsasən təyinatından asılı olmayaraq, bütün nəqliyyat vasitələrinin sığorta olunması məcburidir. Bu, gözlənilməz hadisələr zamanı tərəflərə dəyən zərərin kompensasiya edilməsini təmin edir. Lakin sözügedən hadisəni törədən avtobusun sığortası olmadığından vətəndaşa dəyən ziyanın ödənilməsində çətinliklər ortaya çıxıb.    

Məsələyə aydınlıq gətirmək üçün “Xaliq Faiq oğlu” MMC-yə müraciət etdik. Müəssisənin mühasibi Füzuli müəllim zəngimizdən əsəbləşərək bizim “səbəbsiz yerə bu məsələyə qarışdığımızı” söylədi. Təzminatın ödənilməməsinə gəlincə, bu problemin  məhkəmənin qərarından sonra çözüləcəyini bildirib.  

“Xaliq Faiq oğlu” MMC təmsilçisinin  jurnalistin informasiya almaq hüququndan xəbərsiz olması və sualdan əndişələnməsi qurumun fəaliyyətində qanun pozuntularının bununla bitmədiyindən xəbər verir. Əks halda, cavab və problemə münasibət başqa cür olardı.

Şəhərdəki avtobusların əksəriyyəti sığortasızdır

Yaranmış vəziyyəti şərh edən hüquqşünas Ərşad Hüseynov Strateq.az-a açıqlamasında qəza törədən avtobusların məxsus olduğu şirkətlərdə zərərin ödənilməsi və sığorta ilə bağlı ciddi problemlərin olduğunu təsdiqləyib. Bildirib ki, nəqliyyat şirkətlərinin bir çoxu  avtobusları  sığorta etməkdən yayınırlar:

“Qanunvericiliklə bütün nəqliyyat vasitələri –minik, yük maşınları, avtobuslar, hətta motosikletlərin belə sığortalanması məcburudur.  Mülkiyyətçi öz mülki məsuliyyətini sığortalamalıdır. Sığortası olmayan avtomobil və ya avtobus yola çıxmamalıdır. Çıxsa, cərimə edilməlidir. Cərimələrin məbləği fiziki şəxslər üçün 50 manat, hüquqi şəxslər üçün isə 300 manat məbləğində nəzərdə tutulub”.

Ərşad Hüseynov

Avtobusların sığortalanması bu məbləğdən dəfələrlə baha başa gəldiyindən, nəqliyyat şirkətləri müəyyən vaxtlarda tək-tək sayda cərimə ödəməyə üstünlük verirlər. Onlar bu yolla öz xərclərini azaltmağa çalışırlar. Tez-tez baş verən qəza hadisələrində isə zərər çəkən vətəndaşlara ikinci və daha ağır zərbəni vurduqlarının fərqində deyillər.

Özünün də dəfələrlə avtobusların sığortasız idarə edilməsi halları ilə rastlaşdığını deyən Ə.Hüseynov bunun səbəbini elə nəqliyyat şirkətlərinin nümayəndələri ilə aydınlaşdırmağa çalışıb: “İctimai nəqliyyatda xidmət göstərən avtobusların sahibləri  öz mülki məsuliyyətlərini sığortalamırlar. Mən maraqlanmışam ki, niyə qanuna əməl etmirsiz.  Sahibkarlar deyir ki, maddi təminatımız buna imkan vermir. Məsələn, bir şirkətin 50 avtobusu var və hərəsinə 300 manat məblğində sığorta haqqı ödəməlidir. Bu da toplam 15 min manat edir. Sahibkarın isə bunu ödəməyə gücü çatmadığından sığorta etdirə bilmir. Ona görə də qəzalar zamanı zərərin ödənilməsi ilə bağlı problemlər yaranır”.

Kompensasiya ödənilir, amma necə?

Amma qanunvericilikdə belə hallarda da vətəndaşların xeyrinə olan normalar nəzərdə tutulub. “İcbari sığortalar haqqında” qanuna görə, hətta nəqliyyat vasitəsi sahibi öz mülki məsuliyyətini sığortalamayıbsa, bədbəxt hadisə nəticəsində sağlamlığına dəyən zərərin əvəzini İcbari Sığorta Bürosundan tələb edə bilər. Ancaq bir şərtlə. Hadisənin sığortasız nəqliyyat vasitəsini idarə edən şəxsin günahı ucbatından baş verdiyini təsdiq edən məhkəmə qərarı qaniuni qüvvəyə mindikdən sonra bu mümkündür: 

“Əgər məhkəmə qərarı ilə həmin nəqliyyat vasitəsinin sahibinin təqsiri üzündən vətəndaşın sağlamlığına zərər dəyibsə, onu İcbari Sığorta Bürosu ödəyir. Amma Büro sonradan verdiyi pulun hamısını həmin sürücüdən və ya şirkətdən geri alır. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, dünyasını dəyişən şəxslər üçün 5 min manat, xəsarət alanlar üçün isə onun dərəcəsindən asılı olaraq kompensasiya ödənilməlidir. Burada ən aşağı məbləğ 1500 manatdır”.  

Daldan atılan daş topuğa dəyər

İcbari Sığorta Bürosunun (İSB) az qala hər gün yaydığı xəbərlər deyilənləri təsdiq edir. İSB-dən verilən məlumata görə, 2015-ci ilin iyun ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 758 sığorta tələbi üzrə 2,2 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişlərinin bölgüsünü sizə təqdim edirik.

cedvel-1.jpg

Ümumilikdə 2015-ci ilin yanvar-iyun ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 11 milyon 898 min 851 manat məbləğində sığorta ödənişi həyata keçirilib.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının məbləğində isə 6 faiz azalma müşahidə edilib.

İyun ayında İcbari Sığorta Bürosu tərəfindən 7 kompensasiya tələbi üzrə 20 min manata yaxın məbləğdə kompensasiya ödənilib. Statistika göstərir ki, bu ödənişlərin həyata keçirilməsi ən azı 1il vaxt aparır. Yəni, vətəndaş nəqliyyat şirkəti ilə danışıqlar aparır, nəticə olmayanda məhkəməyə müraciət edir. Nəticədə qərarın qəbul edilməsi xeyli vaxt aparır. Və verilən kompensasiya dəyən zərəri ödəmir.

Məsələn, İSB 29 iyul 2014-cü il tarixdə saat 01 radələrində Kürdəmir rayonu, Babək küçəsində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar vətəndaşa 5 min manat  məbləğində kompensasiyanı yalnız 14 iyul 2015-ci il tarixdə köçürüb. Digər bir yol-nəqliyyat hadisə 27 sentyabr 2012-ci il tarixdə Nəsimi rayonu ərazisində baş verib və  nəticədə ailə üzvü vəfat edib. Buna görə onun hüquqi nümayəndəsinə ödənilməli olan 5 min manat iyulun 15-də köçürülüb.

Nəqliyyat Nazirliyi yenə susur

İSB-nin PR meneceri Ləman Səməndərli bizimlə söhbətində bildirib ki, nəqliyyat vasitələrinin törətdiyi qəzalar nəticəsində vətəndaşlara dəyən zərərin əvəzində onlara kompensasiya ödənilir. Sığorta şirkətlərinin və ya hüquqi şəxslərin  həmin məbləği ödəməyə gücü çatmadıqda vəsait geri qaytarılmır. Bu da sığortadan yayınan nəqliyyat şirkətləri üçün əlavə stimul verir.

Qeyd edək ki, qanunla sığortası olmayan nəqliyyat vasitəsi, o cümlədən avtobuslar yola çıxmamalıdılar. Ancaq onların nəzarətsiz qalması, bu sahəyə birbaşa cavabdeh olan Nəqliyyat Nazirliyinin strukturlarının yarıtmaz fəaliyyəti nəticəsində  hər gün minlərlə avtobus heç bir məsuliyyət hiss etmədən sərnişin daşımaq kimi ciddi bir işlə məşğul olurlar. Ən maraqlısı isə odur ki, aydın görünən problem illərdir davam edir.

Yeri gəlmişkən, məsələ ilə bağlı NN-dən açıqlama almaq cəhdlərimiz boşa çıxdı. Nazirliyin mətbuat xidmətinin telefonlarına cavab verən olmadı.

DYP də gücsüzdür

Problemə nəzarət etməli olan digər bir orqana – Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, bu cür hallah sahibkarların məsuliyyətsizliyi üzündən baş verir:

“Gün ərzində paytaxtda 2-3 min avtobus xəttə buraxılır. Yol polisi onların hamısını hər gün bir-bir yoxlaya bilməz. Ancaq qəza və ya hər hansı yol hərəkəti qaydasının pozuntusu baş verəndə avtobus yoxlanılır. Bu zaman onun sığortasının olmaması üzə çıxarsa, sürücü və ya nəqliyyat şirkəti cərimələnir”. 

Kamran Əliyevin dediyinə görə, avtobusun sığortasız idarə edildiyi aşkarlandıqda tətbiq edilən cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manat müəyyən edilib. DYP-nin bundan başqa hər hansı inzibati tədbir görmədiyini bilən nəqliyyat şirkətləri isə münbit şəraitdən sakitcə yararlanaraq vətəndaşların həyatını riskə atırlar. Onlar 15 min manat vəsait xərcləyib 50 avtobusu sığortalamaqdansa, ayda bir necə avtobusun törətdiyi hər qəzaya görə 300 manat ödəməyə üstünlük verirlər.

Belədə onlar həm də mülki məsuliyyətdən də yayınmış olurlar. Əgər nəqliyyat şirkəti istismara verdiyi avtobusu öncədən sığorta etdirsə, baş verın qəzalarda xəsarət alan şəxslərə dəyən ziyanı da ödəməlidir. Bu isə əlavə xərc deməkdir. Ona görə də onlar asan və az xərcli yola üstünlük verirlər. Lakin nəqliyyatçıların belə məsuliyyət davranışına ciddi nəzarət tələb  olunur. Çünki onların asan yolla pul qazanmaq sevdası insanların həyatlarını, əmlaklarını itirməsi ilə nəticələnir. Bunun qarşısını almaq üçün inzibati tədbirlər və bu sahəyə nəzarət gücləndirilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh