Banner

Sumqayıtın "ölüm yolu" - REPORTAJ - VİDEO+FOTO

Yazarlar 6 Yanvar 2016 12:53 Oxunub 2614
Sumqayıtın "ölüm yolu" - REPORTAJ  - VİDEO+FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Son bir həftədə bu yolda 2 piyadanı avtomobil vurub və hər ikisi ölüb

Azərbaycanda yol hərəkəti qaydaları demək olar ki, hər addımda pozulur. Qayda pozuntuları həm piyadalar, həm də sürücülər tərəfindən qeydə alınır. Xüsusilə də Sumqayıtda bu sahədə vəziyyət acınacaqlıdır. Piyadaların yol hərəkəti qaydalarını mütəmadi olaraq pozması adi hal alsa da, buna müdaxilə, ciddi təsir mexanizmləri demək olar ki, yoxdur. Düzdür, sürücülərin də səhlənkarlığı yetərincədir. Bunu inkar etmək mümkün deyil. Bilərəkdən, yaxud bilməzlikdən sükan arxasında oturan şəxs yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Sadə bir misal göstərək: piyadanın rahat hərəkətini təmin etmək məqsədilə sürücü piyada keçidinə 5 metr qalmış idarə etdiyi nəqliyyat vasitəsini saxlamalıdır. Ancaq sürücülər yolun piyada üçün nəzərdə tutulmuş hissəsini hətta sürəti azaltmadan keçir və problem, təhlükə yaradırlar. Sumqayıtın piyadalar üçün xüsusilə təhlükəli olan bir yerindən bəhs etmək istərdik. Söhbət Zülfi Hacıyev küçəsindən gedir. Bu avtomobil yolunda piyada keçidi olsa da, burada qəzalar tez-tez baş verməkdədir. Hər gün buradan minlərlə sakin 9-cu mikrorayondan 6-cı mikrorayon tərəfə keçir, yaxud əks istiqamətdə hərəkət edirlər. Qaydalara görə, əgər piyada zolağa (zebraya) daxil olursa, yaxınlaşan avtomobil sürəti azaldaraq yavaşımalı və piyadaya yol verməlidir. Təəssüflər ki, əksər hallarda sürücülər qaydalara əməl etmirlər. Sözügedən ərazidən isə avtomobillər sürətlə hərəkət edir, piyadalar isə ya yolu qaça-qaça keçməyə, ya da elə yolun ortasındaca duruxub-qalmağa məcbur olurlar. Üzeyir Hacıbəyov dairəsindən Z.Hacıyev küçəsinə daxil olan avtomobillər sürətlə hərəkət edir, yaxınlıqda olan piyada keçidindən yolu keçmək istəyən piyadaların həyatlarını təhlükə altında qoyurlar. Həmçinin, yolun əks istiqamətindən "Azpetrol” yanacaqdoldurma istiqamətindən Z.Hacıyev küçəsi boyunca şütüyən avtomobillər piyada keçidlərinə məhəl qoymur, yoldan keçən şəhər sakinlərinə problemlər yaradırlar. Son bir həftədə bu yolda 2 nəfər piyadanı avtomobil vurub və hər iki şəhər sakini dünyasını dəyişib. Demək olar ki, Sumqayıtın bu küçəsi "ölüm yolu”na çevrilib. Ərazidə yaşayanlar bu yoldakı ölüm hallarının adi hal aldığını deyirlər. Rövşən Hüseynov adlı şəxs bildirdi ki, küçəboyu bu cür qəzalar tez-tez baş verir: "Yaxınlıqda orta məktəb var. Ancaq nə şagirdlər, nə də sürücülər yola qoyulan işarəyə əhəmiyyət vermirlər.”

Digər sakinlər də bu yolun kabusa çevrildiyini bildiriblər. Deyirlər ki, xüsusilə də axşam saatlarında bu avtomobil yolundan keçmək çətinlik yaradır. Bu yolda ölümlə nəticələnən qəzaların əksəriyyəti də elə hava qaralandan sonra baş verir. Piyadalar bu yolun Üzeyir Hacıbəyov dairəsindən gələn istiqamətində eləcə də əks yolda işıqforlar quraşdırlılmasını vacib hesab edirlər: "Burada işıqfor quraşdırılarsa, avtomobillər sürətlə hərəkət etməzlər və bədbəxt hadisələr də azalar.” Xatırladaq ki, Sumqayıtda belə praktika mövcuddur. Məsələn, 17-ci və 18-ci, həmçinin 10-cu və 12-ci mikrorayonları ayıran yollarda işıqforlar quraşdırılıb. Odur ki, məhz bu - Zülfü Hacıyev küçəsində də - yolun müəyyən hissəsinədək - işıqfora, yaxud yeraltı keçidə ehtiyac var. 

Nəzərə alsaq ki, keçidlərdən qocalar, uşaqlı qadınlar, məktəblilər keçir, durum daha da ciddi şəkil alır və risk artır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh