Sürət 110 - Bakıda yolu keçmək üçün ölüm-dirim mübarizəsi - FOTOLAR
Qanlı Gölün qərb sahilində yaşayan sakinlər Bakı dairəvi avtomobil yolunda üzləşdikləri çətinliklərlə bağlı “Qafqazinfo”ya müraciət edib. Onların sözlərinə görə, ərazidə yaşayan 300-ə yaxın ailə ictimai nəqliyyat vasitələrindən istifadə üçün başqa yol olmadığından hər gün avtobanı keçmək məcburiyyətində qalır. Bu zaman isə həyatları böyük təhlükə altında olur: “Hər hansı bir yerə getmək üçün yolu keçərək Sədərək istiqamətində gedən avtobuslardan istifadə etmək məcburiyyətindəyik. Dərsə, bağçaya gedən uşaqlar, işə gedən sakinlər var. Hər biri yolu keçən zaman ölümlə üz-üzə gəlir. Avtoban olduğundan avtomobillərin sürəti yüksək olur və bu halda bir saata yaxın yolu keçmək üçün gözlədiyimiz vaxtlar olur. Yolu keçəndə də bir əlimiz ürəyimizdə digər tərəfə doğru qaçırıq. Burada yeraltı və yaxud yerüstü piyada keçidi tikmək, heç olmasa, ən ucuzundan piyada zolağı çəkmək olar. Üzü Sumqayıta saatda 110-la gedən bir yol var. O da avtoban sayılır, ancaq azı bir 50 yerdə sürət 60-a salınır və piyadalar keçidlə yolu qarşı tərəfə keçir”.
Yoldan hər gün istifadə edən Nizami Şirinov dəfələrlə yolda piyadaların vurulduğunu, elə bundan bir həftə əvvəl də bir qadının qəza nəticəsində öldüyünü bildirib: “1 həftə bundan qabaq bir qadını bu yolda maşın vurdu, öldürdü. Nəsə bir iş görülməsi üçün qəza halları mütləq çoxalmalıdır? Hamının maşını yoxdur axı, bəs bu uşaq evə qayıdanda yolu necə keçsin? Yol son vaxtlar salınıb və avtoban sayılır. Milyonlarla xərc qoyulsa da, yolda lazımlı yerlərdə bir dənə də olsun yol nişanı yoxdur. Avtobana giriş-çıxışla bağlı heç bir xəbərdar edici nişan qoyulmayıb. Ancaq lazımsız yerlərdə isə yol nişanları var. Həmin yolla Yasamal tərəfdən gəlib üzü “Qurd Qapısı”na tərəf getmək üçün körpünü döndükdə avtomobil bazarıdır. Həmin maşın bazarının qarşısında gözlə nişanı qoyulub. Orada nə vaxt baxsaz, Yol Patrul Xidmətinin əməkdaşları cərimə yazır. Media vasitəsilə aidiyyatı qurumlara səslənərək məsələnin həll olunmasını xahiş edirəm”.
“Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, bu kimi hallarda sakinlər onlara rəsmi şəkildə müraciət edə bilər. Araşdırmalar nəticəsində ehtiyac varsa, yolda piyada keçidləri tikiləcək: “Elə olur ki, yollar çəkiləndən sonra ətraf ərazidə yaşayış massivləri salınır və artıq yeraltı və ya yerüstü piyada keçidlərinin salınmasına zərurət yaranır. Bununla bağlı bizim balansımızda olan yollarda mütəmadi araşdırmalar aparırıq. Piyada keçidlərinə ehtiyac olan yerlərin siyahısı tərtib edilir və aidiyyatı üzrə Nazirlər Kabinətinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət ünvanlanır. Məsələ orada araşdırılır və keçidlərə ehtiyac olduğu təqdirdə qərar qəbul olunaraq icra edilir. Sözügedən sakinlər də bizə məlumat xarakterli sənədləri göndərərək rəsmi müraciət etsinlər. Biz də məsələni Nazirlər Kabinetinə yönləndirək.
Ərazidəki yol hərəkəti nişanlarının əksikliyi ilə bağlı isə onu deyə bilərəm ki, bu işlə Bakı Şəhər Baş Polis İdarəsi məşğul olur. Biz birbaşa olaraq hər hansı bir yerdə yol nişanları quraşdıra və yaxud götürə bilmərik. Yenə də balansımızda olan yollarda hərəkətin təhlükəsizliyinin təmin olunmasında problem, hər hansı bir yol nişanının əksikliyi varsa, biz bununla bağlı müraciət edə bilərik. Badamdar istiqamətindən gələndə Bakı şəhərinin sərhəddinin bitməsi barədə nişan var. Bu o deməkdir ki, hərəkət sürəti 60-dırsa, artıq avtobana uyğun olaraq nizamlanır və 90-110 sürət kimi götürülür. Ancaq yenə də deyirəm, hər iki məsələ ilə bağlı müraciət olunsun, biz də məsələni tam araşdıraq”.
Günel Hacı