Sürücülük imtahanı Dövlət İmtahan Mərkəzinə həvalə olunsa... - Ekspertlərin ŞƏRHİ
Bu gün Azərbaycanda sürücü olmaq elə də çətin iş deyil. Yetər ki, sən bunu istəyəsən. Yəni sürücülük vəsiqəsinin alınması üçün sürücülük məktəblərinə yazılmaq necə asandırsa, imtahan vermədən vəsiqə əldə etmək də o cürdür. Elə buna görə də hər gün müxtəlif dərəcəli yol qəzalarının şahidi oluruq. Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzaladı. Bu fərmanla Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilərək, onların istifadəsində olan dövlət əmlakı yeni yaradılan Dövlət İmtahan Mərkəzinin balansına verildi. Maraqlıdır, sürücülük vəsiqəsinin alınması üçün verilən imtahanı da yeni yaradılan quruma həvalə etmək olarmı?
Hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı Modern.az saytının suallarını şərh edib. Eskpert deyib ki, sürücülük vəsiqəsi imtahanını digər imtahanlardan iki əlamət fərqləndirir: “Sürücülük imtahanının digər imtahanlardan fərləndirən iki əsas əlamət var: birinci əlamət odur ki, sürücülük vəsiqəsinin imtahanları hər gün, bütün iş günləri keçirilir. TQDK-nın qəbul və buraxılış imtahanları isə ildə bir neçə dəfə keçirilir. Dövlət Qulluğu Komissiyası da ildə bir neçə dəfə dövlət qulluqçusu olmaq istəyənlərdən imtahan götürür.Amma sürücülük imtahanı bütün iş günləri, demək olar ki, bir çox bölgələrdə baş tutur.
İkinci məsələ isə odur ki, sürücülük imtahanlarının praktiki və təcrübi hissəsi də var. Bu mərhələ isə hər yerdə baş tuta bilməz. Bunun üçün xüsusi motodromlar olmalıdır. Təcübə imtahanı verməyən isə sürücü ola bilməz”.
Ərşad Hüseynov hesab edir ki, sürücülük imtahanının Dövlət İmtahan Mərkəzinə verilməsi məqbul sayıla bilməz: “Düzdür, sürücülük vəsiqəsinin imtahanını başqa bir qurumun tabeçilyinə vermək olar. Amma bunu ətraflı şəkildə düşünüb işləmək lazımdır. Bu gün bir çox insanların hələ də xəbəri yoxdur ki, sürücülük imtahanlarını yalnız Dövlət Yol Polisi yox, həmçinin Kənd Təsərrüfatı Nazirliyi də həyata keçirir. Bu, çoxdandır belədir. Traktor, kombayn sürənlər üçün bu qurumda da imtahan mərkəzləri var. Sürücülük vəsiqəsinin test hissəsini Dövlət İmtahan Mərkəzinə verilməsi məqbul sayıla bilməz. Şəffalığın, obyektivliyin, təhlükəsizliyin təmin ediləsi üçün sürücünün hazırlanmasından tutmuş imtahana qədər bir normal sistem olmaldır. Bununla bağlı yeni vahid qurum yaradılmalıdır. Dünyanın hər bir ölkəsində bu sahədə müsbət praktika var. Onlardan yararlanmaq olar. Amma test imtahanı bir qurumda, praktiki imtahan isə digər qurumda olsa, o zaman korrupsiya, rüşvət halları daha da arta bilər”.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı düşünür ki, sürücülük vəsiqəsinin verilməsində hələ də sovetdənqalma üsul mövcud inkişafı çox ləngidir: “Sürücülük vəsiqəsinin verilməsi tədris prosesi olduğuna görə müxtəlif ölkələrdə tədris qurumları tərəfindən götürülür. Bəzi ölkələrdə şagirdlər dərs keçməklə yanaşı, orta məktəblərdə sürücülük vərdişlərinə də yiyələnirlər. Orta məktəbi başa vuranda attestatla yanaşı, imtahan verib sürücülük vəsiqəsi də ala bilirlər. Bunu tədris prosesini həyata keçirən qurumlar reallaşdırır. Amma bizdə hələ də sovet dövründən qalma üsul proseslərin inkişafını ləngidir. Rusiyada vaxtilə yol qəzalarında minlərlə adam ölürdü. Ona görə də ölkə rəhbərliyi bununla bağlı ciddi addım atdı. Biz də bu sahədə düşünüb, yeni ideyalar ortaya çıxara bilərik. Milli Məclisin deputatları da dəfələrlə təkliflər irəli sürüblər”.
Jurnalist deyir ki, bu gün sorğu keçirilsə, sürücülük vəsiqəsi gəzdirənlrəin əksəriyyəti oxuduğu məktəbin harada yerləşdiyini, hansı müəllimdən dərs aldığını deyə bilməyəcək. “Çünki həmin insanların sadəcə olaraq şəxsiyyət vəsiqələri gedib o məktəbə çıxıb. 30-40 gündən sonra sürücülük vəsiqəsi alırlar. Amma özləri heç kimin üzünü görməyib. Bu da yollarda ağır qəzaların baş verməsinə, sürücü-sərnişin münasibətlərinin, hətta sürücülər arasında qarşılıqlı ünsiyyətin korlanmasına səbəb olur. Təcrübə, tədris prosesi keçməyən insanlarda sürücülük mədəniyyəti də olmayacaq. İndi hərə bir sürücülük məktəbi yaradıb”.
Baş redaktor hesab edir ki, əgər sürücülük vəsiqəsinin imtahanları Dövlət İmtahan Mərkəzinə verilsə, bu sahədə olan neqativ hallar aradan qalxar: “Əgər sürücülük vəsiqəsinin imtahanı yeni yaradılmış Dövlət İmtahan Mərkəzinə verilsə bu sahədə subyektiv yanaşmalar ardan qalxacaq. Ortada olan qara əllər kəsiləcək. Cəmiyyətdə normal sürücülər görəcəyik. Avtomobili idarə edən insan yalnız testə qane ola bilməz. Burada praktiki müsahibə olmalıdır. Sürücülük vəsiqəsi imtahanını Yol Polisindən ayırmaq mümkün deyil. Amma ASAN xidmətlə Yol Polisi birlikdə bir ortaq qurum yaradıb imtahanları həyata keçirə bilərlər.
Test imtahanını Dövlət İmtahan Mərkəzi Yol Polisi ilə bir yerdə keçirə bilər. Bütün hallarda Yol Polisi bu proseslərdə yaxında iştirak etməlidir. Çünki həm qanunvericilik, həm də praktiki baxımdan bu, yol polisinin də işidir. Bu gün dünyada gedən proseslər onu göstərir ki Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi, imtahanların aparılması prosesi dəyişdirilməldir. Yəni elə sistem olmalıdır ki, neçə illərdir bu sahədə püxtələşmiş qara əlli “mütəxəssislər”, “peşəkarlar” artıq öz variantlarını tətbiq edə bilməsinlər”.