Banner

Sürücülük vəsiqəsi düzəldənə 3 il cəza

Yazarlar 4 Fevral 2015 12:29 Oxunub 1979
Sürücülük vəsiqəsi düzəldənə 3 il cəza
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabirabadda bir qrup vətəndaşı aldadan dələduza hökm oxundu

Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, Sabirabad Rayon Məhkəməsində dələduzluqda təqsirli bilinən Namiq Mehtiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Namiq Mehtiyev 2013-cü ilin avqust ayında Sabirabad rayonu Ulacalı kənd sakini Elşən Mikayılova sürücülük vəsiqəsi düzəltmək adı ilə onu aldadıb və direktor müavini işlədiyi “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Sabirabad rayon 1 saylı filialında onun 750 manatını alıb. Bundan əlavə, o, eyni vədlə Saatlı sakinləri  Mirzə Fətullayevin 550 manatını, Dostəli Cəlilovun 350 manatını, Əjdər Şıxmanovun 300 manatını, Rüstəm Dursunovun 700 manatını alaraq mənimsəyib.  

Namiq Mehtiyev Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq törətmək)  maddəsi ilə ittiham edilib. 

Hakim Malik Qarayevin sədrliyi ilə keçirilən prosesdə Namiq Mehtiyev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, 2007-ci ildən 2013-cü ilin noyabr ayının 7-nə kimi Sabirabad şəhərində yerləşən “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nın Sabirabad rayon 1 saylı filialında direktor müavini vəzifəsində işləyib. Mərkəz sürücülük hazırlığı kursları kimi fəaliyyət göstərib: “Mənim işim hərbi kontingent qruplarına rəhbərlik etməkdən ibarət olub. Saatlı rayonu Dəllər kənd sakini Dostəli Cəlilovu, Saatlı rayonu Azadkənd kənd sakini Mirzə Fətullayevi, Saatlı rayonu Fətəlikənd kənd sakini Əjdər Şıxmanovu, Saatlı rayonu Fətəlikənd kənd sakini Rüstəm Dursunovu, Sabirabad rayonu Ulacalı kənd sakini Elşən Mikayılovu tanıyıram. 

2013-cü ilin avqust ayında Elşən Mikayılov işlədiyim mərkəzə gəldi. O, sürücülük vəsiqəsi almaq üçün Şirvan şəhərində imtahan verəcəyini dedi, buna görə məndən kömək istədi. Elşənə sürücülük vəsiqəsi almasına kömək vəd etdim. Bunun müqabilində ondan 750 manat pul istədim. Bir neçə gündən sonra mərkəzin həyətində olarkən bir nəfər mənə yaxınlaşdı, özünü Elşənin həmkəndlisi Bəhruz kimi təqdim edərək mənə 750 manat pul verdi". 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ilin avqust ayında Əjdər Şıxmanov onun yanına gəlib və oğluna sürücülük vəsiqəsi almaq istədiyini deyib: “Əjdərə də oğlu üçün sürücülük vəsiqəsi almağa söz verdim. Əjdər avqust ayında xidməti otağımda mənə 200 manat, həmin ilin oktyabr ayında mərkəzin həyətində əlavə 100 manat verdi”. 

2013-cü ilin avqust ayında Dostəli Cəlilova sürücülük vəsiqəsi almaq üçün 350 manat aldığını etiraf edən Namiq Mehtiyev bildirib ki, həmin ərəfədə Mirzə Fətullayev də onun yanına gəlib: “Mirzə kişi nəvəsinə sürücülük vəsiqəsi almaq istədiyini dedi. Bunun üçün mənə 750 manat verəcəyini bildirdi. Qarşılıqlı razılıq əsasında Mirzə Fətullayev əvvəlcə 50 manat verdi. Daha sonra onunla mütəmadi əlaqə saxladım. Noyabrın 7-də Mirzədən pulun qalanını istədim. Mirzə zəngimdən sonra əlavə 500 manatı gətirdi”. 

Namiq Mehtiyevin sözlərinə görə, Rüstəm Dursunov ona qardaşı oğlu Dursun Abuzərovu sürücülük məktəbində oxutduğunu deyib: “Amma sürücülük vəsiqəsi ala bilmədiyini, qardaşı oğluna kömək göstərməyimi xahiş elədi. Rüstəmə kömək edəcəyimə söz verdim. 2013-cü ilin avqust ayının axırlarında Rüstəm kabinetimdə mənə 200 manat çatdırdı. Mən işdən azad olunduqdan sonra tanışım kimi Rüstəmdən 500 manat borc istədim. Rüstəm Dursunov da 500 manat mənə verdi”.

Prosesdə ifadə verən zərərçəkmişlər də sürücülük vəsiqəsi almaq üçün Namiq Mehtiyevə pul verdiklərini deyiblər. 

Namiq Mehtiyev 2013-cü ilin sonlarında işdən azad olunub. Zərərçəkənlər qeyd ediblər ki, işdən azad çıxandan sonra Namiq Mehtiyev bir müddət sənədləri düzəldəcəyinə vəd verib. Sonra onun telefon nömrəsinə zəng çatmayıb və zərərçəkənlər məcbur qalaraq polisə şikayət ediblər. 

Məhkəmə istintaqı zamanı Namiq Mehtiyev zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib. Bu səbəbdən onun barəsində yüngülləşdirici hallar nəzərə alınmayıb və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh