Uşaqlar böyüklərə yol mədəniyyəti öyrətdilər - FOTOLAR
Bakı şəhər 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi 151 saylı orta məktəbdə Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə «Yol hərəkəti qaydaları və biz!» mövzusunda görüş keçirdi. Avtosfer.az-ın məlumatına görə, görüşün keçirilməsində məqsəd təhlükəsiz davranış qaydalarını öyrətmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarlqlarını DYP əməkdaşlarına nümayiş etdirməkdən ibarət olub. Görüşdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov, polkovnik-leytenant Rasim Abdullayev, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları, polis mayorları Kəmalə Ələkbərova, Məryəm Ömərova, «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyinin rəhbəri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov, 151 nömrəli məktəbin, 46 nömrəli Məktəbdənkənar Tərbiyəı İşi Mərkəzinin müəllim, valideyn və şagirdləri, habelə, KİV nümayəndələri iştirak ediblər.
151 salyı məktəbin akt zalı şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları və şarlarla bəzədilib, xüsusi ayrılmış yerlərdə uşaq yaradıcılığını əks etdirən müxtəlif nümunələr sərgilənib. Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və sürücülərin diqqətinin yolda uşaq təhlükəsizliyi məsələrinə yönəldilməsi məqsədilə keçirilən tədbirə qatılan “Yol hərəkəti dərnəyi”nin xüsusi formalar geyinmiş üzvləri interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdiriblər.
DYP İdarəsinin əməkdaşları öz çıxışlarında əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsi tövsiyyə edib və hamını qanunlara riayət etməyə çağırıb. Bölmə rəisi Vaqif Əsədov bildirib ki, azyaşlıları yol hərəkəti qaydalarının öyrədilməsi vacibdir. Çünki azyaşlılar evdə, yolda valideynlərə təsir edə bilirlər. V.Əsədov yol hərəkəti təhlükəsizliyində hamının fəal olmasının vacibliyindən danışaraq bildirib ki, ilk növbədə hər kəs həm sürücü, həm piyada, həm də sərnişin kimi qaydalara əməl etməlidir.
151 saylı məktəbin direktoru Kifayət Tanrıverdiyeva isə bildirdi ki, məktəbdə belə bir tədbirin keçirilməsi ilk hal deyil. Bundan əvvəl də yol hərəkətinə dair maarifləndirici tədbirlərin keçirildiyini deyən təhsil ocağının rəhbəri əlavə etdi ki, uşaqlar qaydaları həvəslə öyrənir və əməl edirlər. Artıq iki ildir ki, 151 saylı orta məktəb yol hərəkəti qaydalarının şagirdlərə öyrədilməsi məqsədilə 46 nömrəli Məktəbdənkənar Tərbiyəı İşi Mərkəzi ilə sıx əməkdaşlıq edir.
Hüquqşünas Ərşad Hüseynov da uşaqların yol hərəkəti qaydalarını öyrənməsi vərdişini müsbət qiymətləndirdi və gələcəkdə bu kimi tədbirlərin daha geniş müstəvidə keçirilməsini təklif etdi.
Tədbirin sonunda təşkilatçılar tərəfindən uşaqlara və onların valideynlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olundu. İl boyu “Uşaqlar və Yol Təhlükəsizliyi Layihəsi”ndə fəal iştirakına görə fərqlənən müəllimlərə 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin Diplomları təqdim edildi. Tədbirdə iştirak edən 200 uşağa isə «Azərsun Holdinq»-in hədiyyələri paylandı.