Banner

Xəbərdarlıq nişanlarının mühüm elementləri - FOTO

Yazarlar 8 Aprel 2015 19:59 Oxunub 35550
Xəbərdarlıq nişanlarının mühüm elementləri - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəbərdarlıq nişanları - 5

Əvvəlki yazılarımda ölkəmizdə tətbiq olunan yol nişanlarının 1-ci qrupunu təşkil edən xəbərdarlıq nişanlarından ilk 35 ədədini izah etmişdim. Bu yazıda xəbərdarlıq nişanlarından növbəti 8 nişanı diqqətinizə çatdırıram. 

1.19 «İkitərəfli hərəkət» nişanı birtərəfli hərəkət təşkil olunmuş yolla hərəkət edən sürücüləri ikitərəfli hərəkət təşkil olunmuş yol sahəsinə yaxınlaşma barədə xəbərdar edir. 

1.19 nişanı ayırıcı zolaq qurtardıqdan sonra əks istiqamətli hərəkət hissələrinin birləşdiyi yeri, ayırıcı zolaqla ayrılan hərəkət hissələrindən birində təmir işləri görülərkən digər hərəkət hissəsində ikitərəfli hərəkət təşkil olunduğu yol sahəsini bildirmək və başqa bu kimi hallarda da tətbiq olunur. Qarşısında bu nişanı görən sürücü əks istiqamətdən nəqliyyat vasitələrinin gələcəyini gözləməli və müvafiq yolun sağ tərəfinə yerdəyişmə etməlidir (yolun sol tərəfi ilə hərəkət etməməlidir).

1.20 «Piyada keçidi» xəbərdarlıq nişanı 5.16.1-5.16.2 yol nişanları və (və ya) 1.14.1-1.14.2 nişanlanması ilə işarə olunan nizamlanmayan (svetoforsuz) piyada keçidlərinə yaxınlaşma barədə xəbərdarlıq edir.

1.20 nişanı yaşayış məntəqəsindən kənarda bütün eyni səviyyəli nizamlanmayan (yəni 5.16.1-5.16.2 nişanları və (və ya) 1.14.1-1.14.2 nişanlanması ilə işarələnən) piyada keçidlərini, yaşayış məntəqələrində isə 150 metrdən az məsafədən görünən eyni səviyyəli nizamlanmayan piyada keçidlərini bildirmək üçün tətbiq olunmalıdır. Bu nişan yolayrıcında olan piyada keçidlərini, habelə nizamlanan piyada keçidlərini bildirmək üçün tətbiq olunmur, çünki yolayrıcı barədə xəbərdarlıq edən 1.6.1-1.6.6 nişanlarını, yaxud 2.3.1-2.3.3 nişanlarını görən sürücü həmin yolayrıcında piyada keçidi ola biləcəyini də ehtimal etməlidir, svetoforla nizamlanan piyada keçidləri barədə isə bunun nəzərdə tutulduğu hallarda 1.8 nişanı ilə xəbərdarlıq edilir.

1.21 «Uşaqlar» nişanı məktəb, uşaq bağçası, düşərgə və başqa bu kimi uşaq təşkilatlarının yanından keçən və hərəkət hissəsinə uşaqların çıxması ehtimalı olan yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Uşaqların hərəkət təhlükəsizliyi barədə təsəvvürlərinin zəif olduğu nəzərə alınaraq bu nişanın təkrarlanmaqla xüsusi qaydada tətbiqi nəzərdə tutulmuşdur: birinci nişan təhlükəli sahənin başlanğıcına ən azı 100 metr qalmış, ikinci nişan isə ən azı 50 metr qalmış qoyulmalıdır. İkinci nişan təhlükəli yol sahəsinin, yəni yolun uşaq təşkilatının yanından keçən hissəsinin uzunluğunu göstərən 7.2.1 nişanı ilə birlikdə qoyulmalıdır.

1.22 «Velosiped zolağı ilə kəsişmə» nişanı 4.5 nişanı ilə işarələnmiş velosiped yolunun yolayrıcından kənar yerlərdə yolla kəsişməsinə yaxınlaşma barədə xəbərdarlıq edir.

1.23 «Yol işləri» nişanı yolda (hərəkət hissəsində, yol çiynində, ayırıcı zolaqda, səkidə) hər hansı işlərin aparıldığı yeri bildirmək üçün tətbiq olunur. Bu nişanın iki qaydada quraşdırılması nəzərdə tutulur: 1) görülən işlər qısamüddətli olduqda (yəni bir neçə saatdan artıq olmayan müddətdə davam edən) işlər görülərkən işin görüldüyü yerə 10-15 metr qalmış, özü də 7.1.1 lövhəciyi olmadan müvəqqəti nişan kimi; 2) görülən işlər qısamüddətli olmadıqda isə təkrarlanmaqla, birinci nişan, digər xəbərdarlıq nişanları kimi (yaşayış məntəqəsində işlərin görüldüyü yerə 50-100 m, yaşayış məntəqələrindən kənarda isə 150-300 m qalmış), ikincisi isə işlərin görüldüyü yerin bilavasitə qarşısında (hər bir halda həmin yerə 50 metrdən az yaxınlıqda) qoyulur.

1.24 «Mal-qara keçidi» nişanı mal-qaranın yoldan keçirildiyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Bu nişan fermaların, heyvandarlıq təsərrüfatlarının və s. bu kimi yerlərin yaxınlığında quraşdırılır.

1.25 «Vəhşi heyvanlar» nişanı təbii qoruqların, ovçuluq təsərrüfatlarının, meşə massivlərinin yaxınlığından keçən yollarda tətbiq olunur və yolun hərəkət hissəsinə vəhşi heyvanların çıxması ehtimalı olan yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. 1.25 nişanı, adətən, vəhşi heyvanların hərəkət hissəsinə çıxa biləcəyi yol sahəsinin uzunluğunu göstərən 7.2.1 nişanı ilə birlikdə tətbiq olunur.

1.26 «Daş uçqunu» nişanı yolun daş uçqunu, torpaq sürüşməsi, qar uçqunu olması ehtimal edilən və bunların nəticəsində hərəkət hissəsində daşların, torpaq və ya qar kütləsinin ola biləcəyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir.

İzahını verdiyim nişanların şəkilləri əlavə olunur.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh