Banner

Yol polisi adam öldürür - DEMOKRATİYA BUDUR?

Yazarlar 25 Aprel 2015 00:11 Oxunub 2132
Yol polisi adam öldürür - DEMOKRATİYA BUDUR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Amerikada yol polisi əməkdaşının tapançanı çıxarıb 1 güllə alnınızdan, 2 güllə mədə nahiyənizdən atəş açmağa ixtiyarı var

Vladimir Poznerlə İvan Urqantın Amerika Yol Polisindən hazırladığı filmə baxdım. Rusiyanın yaşlı analitiki və tanınmış jurnalisti həmin qurumun necə fəaliyyət göstərdiyini lentə almışdılar. Filmin baş qəhrəmanı zənci çavuş guya Pozneri saxlayır. Sonra özü maşından düşərək Poznerin avtomobilinə yaxınlaşır. Özünü təqim edəndən sonra sürücüyə əmr edir ki, “əlini sükana qoy”. Yaşlı analitik onun əmrinə müticəsinə əməl etdi.

Sonra amerikalı çavuş maşının arxa tərəfinə əlini qoyaraq ora barmaqlarının izini saldı. Sürücü maşında ola-ola dedi ki, “baqajı aç”. O da əmri yerinə yetirdi. Bunu əsasən “Azərbaycandan gedəcəyəm” bəyanatını verib kampaniya quranlara daha çox tövsiyyə edirəm ki, işlərini indidən ehtiyatlı tutsunlar. Yəni, bütün bu əmrlər demokratiyanın beşiyi sayılan ölkədə insan hüquqlarının pozulması hesab edilmir.

Amerikanın Yol Polisi sürücüyə əmr edir ki, “əlini yuxarı qaldırıb maşından düşsün”. O da düşür. Əmr olunur ki, “əllərini kapota qoy, ayaqlarını isə bir-birindən aralı saxla”. Sürücü bütün bunları etməlidir. Polis isə arxadan yaxınlaşaraq onu yoxlayır. Bu insan hüquqlarının pozulması sayılmır a. Yəni, yol polisi yaşından asılı olmayaraq, sürücünün boynunun ardından tutub öz maşınına qədər gətirə də bilər. Sürücünün bütün bunlara görə insan haqları təşkilatlarına şikayət etməsinə, yaxud, “mən bu ölkədən gedirəm” deyə sosial şəbəkələrdə kampaniya aparmasına ixtiyarı da yoxdur.

İşdi şayət birdən ora getsəniz, hansısa təşkilatın üzvü olmağınız barədəki kitabçasını cibinizdən çıxarıb lovğalanmayın, nə də mobil telefonu götürüb hansısa nazirlikdə işləyən day-dayınıza zəng etməyin. Əks halda. Bax, bu yeri diqqətlə oxuyun. Əks halda Amerika Yol Polisi əməkdaşının tapançanı çıxarıb 1 güllə alnınızdan, 2 güllə mədə nahiyənizdən atəş açmağa ixtiyarı var. Amerika polisi postsovet ölkələrində olduğu kimi əvvəlcə havaya xəbərdarlıq atəşi açmır. Birbaşa insanın həyatına son qoyan qəti hərəkətə yol verir. Ki bu da insan ölümü ilə nəticələnir. Təkcə 2014-ci ildə Amerikada Yol Polisi əməkdaşlarının açdığı atəş nəticəsində onlarla ölüm hadisəsi baş verib. Yeri gəlmişkən, maşında quraşdırdığı kamera vasitəsi ilə yol polisinə qanunu başa salan bizim qaqaş Amerikada onu etsə, alnından nəinki bir, 5 güllə alar.

 

Bəs, Azərbaycanda vəziyyət necədir? Əksər sürücü maşından düşür və Yol Patrul Xidmətinin əməkdaşına başa salmağa çalışır ki, “sən haqlısan, ya haqlı deyilsən”. Hətta, “sənin paqonunu sökdürmək mənə borc olsun” kimi ifadələr də səslənir. Kalqotka şalvar geyinən oğlanın biri kənara çəkilib hansısa nazirlikdə hansısa qohumuna zəng edir, sonra lovğa-lovğa telefonu xidmət başında olan polisə uzadır ki, “gör dayım nə deyir, indi cavabını alarsan”. Hətta, yol polisini bıçaqlayan, ölü-dirisini qəbirdən çıxardan, sərxoş halda üstünə ağ neft töküb yandıran da var. Eləsi də var ki, Yol Polisi ilə məzələnir, üstündən on dəqiqə keçəndən sonra yenidən gəlib onu məsxərəyə qoyub sillə-təpik atır. Lap eləsi də var ki, Yol Polisinin əmrinə tabe olmayıb onu kapotun üstündə sürüyüb Milli Bankın qarşısına atıb qaçır. Sonra da yazıq-yazıq deyir ki, “evin tək oğluyam, mənə yazığınız gəlsin”. Sizcə, bu hərəkətləri Amerikada etmək mümkündürmü? Mümkün deyil. Orada buna görə sürücüyə ölümcül atəş açılır.

Demirəm ki, Azərbaycanın Yol Polisi idealdır. Bizim Yol Polislərinin elələri var ki, öz işinə səhlənkar yanaşır, maşından düşüb özünü təqdim etməyə tənbəllik göstərir, yaxud, özünə sığışdırmır. Amerikanın Yol Polisi yol boyu gəzib təkəri partlayan sürücüyə, sükan arxasında ürəyi tutan sürücülərə yardım edir, hər gün idman dərslərinə gedib kökəlməsinin qarşısını alır. Bu nümunəvi hərəkətlərə bizim yol polisində təəssüf ki, təkəm-seyrək hallarda rast gəlinir.

Amma Azərbaycanın Yol Patrul Xidmətinin əməkdaşları atəş açıb insan həyatına təhlükə yaratmır, ailələri başsız qoymur, insanın şəxsiyyətini alçaldıb boynunun ardından tutub maşına soxmur, elektroşok verib sinir sistemini dağıtmır. Ölkədən getmək bəyanatını verənlər “demokratiya beşiyinə” düşsələr, bütün bunları nəzərə alsınlar.

 

Azər Qismət,

“Qafqazinfo”

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh