Banner

Yol polisi Bakıda reydə başladı - FOTOLAR

Yazarlar 4 Fevral 2015 12:13 Oxunub 4205
Yol polisi Bakıda reydə başladı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün küçələrə polis təhkim edildi; dayanma-durma qaydalarını pozanlar cərimələndi

 

Bakıda dayanma-durma qaydalarını pozanlar daha çox xanım sürücülər və bahalı maşın sürənlərdir

 

 

Paytaxtın küçə və prospektlərində avtomobillərin dayanma, durma, parklanma qaydalarının pozulmasının qarşısının alınması ilə bağlı daha ciddi addımların atılması zərurəri yaranıb. Avtosfer.az-ın məlumatına görə, bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları bu problemin aradan qaldırılması məqsədilə kütləvi reyd keçiriblər. Reyd zamanı xüsusən, orta məktəblərin qarşısında valideynlərin sıxlıq yaratdığı müşaşidə olunub. Bundan əlavə, marketlərin, tikinti şirkətlərinin qarşısında da yük maşınlarının dayanma-durma qaydalarını pozaraq sıxlıq yaratdığının şahidi olan yol polisləri həmin avtomobillərin sürücülərini yerindəcə cərimə edib. Lakin maraqlısı budur ki, bəzi sürücülər cərimə olunduqdan sonra da yolu boşaltmaq istəməyib. Sürücülərin fikrincə, cərimə olunduqdan sonra dayanmaq olar. Lakin yol polisi əməkdaşları bu düşüncənin yanlış olduğunu izah etdikdən sonra həmin sürücülər yolu boşaldıblar.

Reyd zamanı yol polisinə qarşı kobudluq edən, tabe olmayan sürücülərə də rast gəlinib ki, onların da barəsində tədbir görülüb. Bəzi nəqliyyat vasitələri isə evakuasiya edilərək cərimə meydançalarına aparılıb. Çünki həmin avtomobillər yolun hərəkət hissəsini tam kəsirdi.

Reyd zamanı aşkar olunan hallardan biri də bu oldu ki, bəzi sürücülər parkomatların əhatə dairəsində dayanıb qəbz götürsələr də, avtomobili yolun hərəkət hissəsində – ikinci cərgədə park edirlər. Onların da barəsində cərimə protokolu tərtib olundu və avtomobillər ikinci zolaqdan götürüldü.

Reyd zamanı müşahidə olunan əsas məqam bu idi ki, dayanma-durma, parklanma qaydalarını daha çox pozanlar xanım sürücülər və bahalı maşın sürənlərdir. Hətta yol polisinin gözü qarşısında maşını saxlayıb mağazaya gedən belə sürücülərə də rast gəlindi. Onların bəziləri reyd keçirildiyini görüb qaçmağa müvəffəq olsalar da, əksəriyyətinə protokol yazıldı. 

Xanım sürücülərin parketmə qaydalarını pozmasının səbəbini elə onların özündən soruşduq. Məlum oldu ki, xanım sürücülər rahat olsun deyə maşını gedəcəkləri obyektin, məktəbin lap yaxınlığında saxlayırlar. Bundan əlavə, kişi sürücülərə nisbətən, darısqal yerlərdə park edə bilməyən xanım sürücülər maşını necə gəldi saxlayıb düşürlər. Bu da bir neçə dəqiqə ərzində sıxlıq və tıxac yaradır.

Avtomobili səkilərdə park edib piyadaların hərəkətinə əngəl törədən, avtomobili hətta piyada keçidinin üstündə saxlayan, yolayrıcında park edərək başqa sürücülərə problem yaradan sürücülərə də rast gəlindi. Onların əksəriyyətinin cavabı bu oldu ki, dayanmağa başqa yerdə yer yoxdur. Sürücülər irad bildirdilər ki, əvvəlcə dayanacaq yaradılmalıdır ki, sonra qayda pozanları cərimə etsinlər.

Məktəbə uşaq gətirdiyini deyən bəzi sürücülər isə məktəbin ətrafında dayanacaq olmadığı üçün məcbur qalıb maşını ikinci cərgədə saxladıqlarını dedilər. Bildirdilər ki, maşını bir az gözdən uzaq yerdə saxlayan kimi evakuator götürüb aparır. 

Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov isə Avtosfer.az-a bildirdi ki, şəhərin mərkəzi küçələri ilə hərəkət edərkən dayanma, durma, parklanma qaydaları pozulduğu üçün süni sıxlıq və tıxaclar yaşanır. Amma son vaxtlar aparılan təbliğat işləri və görülən tədbirlər nəticəsində bu sahədə müəyyən müsbət dəyişikliklər var: «Gün ərzində bununla bağlı yol polisi tərəfindən orta hesabla sürücülərə 300-dən artıq inzibati protokol tərtib edilir, yenə də analoji qayda pozuntularının sayı azalmır. Elə təkcə ötən həftə ərzində tərtib edilmiş inzibati protokolları təhlil etdikdə görmək olur ki, xüsusən taksi fəaliyyəti və digər fəaliyyət növləri ilə məşğul olan təxminən 60-a yaxın sürücü bir həftə ərzində 3 dəfə təkrarən eyni xətanı törədib və cəzalandırılıb. Bu isə ciddi narahatlıq doğurur. Beləliklə, daha ciddi addımların atılması zərurəri yaranıb”.

V.Əsədov bildirib ki, bununla əlaqədar BŞDYPİ-nin əməkdaşlarından ibarət xüsusi qrup yaradılıb: “Yol polisi əməkdaşları paytaxtın küçə və prospektlərində yol nişanlarının təsir zonasında dayanma, durma, parklanma tələblərinin pozulmasının qarşısının alınmasının məqsədilə gün ərzində nəzarəti gücləndirmiş formada xidmət aparırlar. Artıq siyahı hazırdır. Konkret olaraq hər kəs müəyyən küçə və prospektlərə təhkim edilib və dislokasiya üzrə xidmət aparılır. Bir daha xatırladırıq ki, qanunun tələblərinin yerinə yetirilməsi bütün hərəkət iştirakçılarının ləngimədən, vaxt itirmədən, fasiləsiz, rahat, təhlükəsiz mənzil başına çatmasını təmin etməyə gətirib çıxarır. Görülən bu tədbirlər də paytaxt sakinlərinin məhz yollarda rahatlığı naminə edilir”.

Vaqif Əsədov sonda onu da bildirib ki, bu gün keçirilən reyd zamanı 3 saat ərzində 100-dən artıq sürücüyə dayanma-durma qaydalarını pozduğuna görə cərimə yazılıb. Eyni zamanda, piyada səkilərdə, yolun hərəkət hissəsində, yolayrıcında maşın saxlayan sürücülər də inzibati qaydada məsuliyyətə cəlb olunub. Cərimə olunan sürücülərdən 11-i xanım sürücü olub.

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh