Yol polisi evakuator sürücülərinin özbaşınalığına haqq qazandırdı - VİDEO
Ekspert: «Bu avtomobillər heç bir üstünlüyə malik deyil
Dəfələrlə müşahidə etmişik ki, evakuatorların nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq üçün 1 dəqiqə bəs edir. Qısa zaman kəsiyində avtomobili necə gəldi, haradaq gəldi götürüb hadisə yerindən uzaqlaşırlar. Hətta bəzən yolun əks istiqamətində hərəkət edərək digər nəqliyyat vasitələri üçün qəza şəraiti də yaradırlar. Bəs, evakuatorlara bu icazəni kim verir?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov interaz-a bildirdi ki, evakuator avtonəqliyyat vasitəsini götürmək üçün zərurət yarandığı halda qarşı yola çıxıb xəta törədə bilər. Yol hərəkətinin qanuni tələbinə əsasən, yol hərəkətinin üstünlüyə malik olan avtonəqliyyat vasitələri var ki, evakuatorlar da bu qrupa aid olan nəqliyyat vasitəsi hesab olunur. “Evakuatorlar sarı işıqlardan istifadə edirsə, eyni zamanda əks istiqamətdə hərəkətin zərurəti yaranırsa bu, təhlükəsizliyin təmin edilməsi üçün atılan addımlardandır”- deyə şöbə rəisi söylədi.
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə Xəzər TV-yə bildirib ki, evakuator avtomobilləri xüsusi təyinatlı və ya operativ nəqliyyat vasitəsi sayılmır. Ümumiyyətlə, bu avtomobillər heç bir üstünlüyə malik deyil. Onların üzərindəki narıncı işıqlar isə yük daşıyarkən digər sürücüləri xəbərdar etmək üçündür.
Bəzi hallarda evakuator avtomobillərinin sürücüləri yanında yol polisi əməkdaşı olduğu halda da qaydalara əməl etmir. Ekspert belə halda yol polisi əməkdaşının göstərişi əsasında qaydalardan kənara çıxmağa icazə verildiyini bildirdi. Bu, yalnız nişanların, nişanlanma xətlərinin, svetoforun tələbindən kənara çıxmağa imkan versə də, yenə də evakuator avtomobilinin başqa hərəkət iştirakçılarından üstündüyünü göstərə bilməz. Beləliklə də, evakuator sürücüləri yol hərəkəti qaydalarına əməl etmədiyi təqdirdə digər sürücülər kimi törədikləri qayda pozuntularına görə cərimə oluna bilirlər.
Elməddin