Yol polisindən sürücülərə gülməli «surpriz» – 60 manat cərimə - FOTOLAR
Azərbaycanda yol hərəkətinin təşkili ilə bağlı hərdən elə mənzərə ilə rastlaşırıq ki, bilmirsən güləsən, yoxsa ağlayasan. Özü də bəzən bu cür vəziyyət Bakının tən ortasında yarananda adamı lap dəhşət bürüyür. Doğrudanmı, bunu görmürlər? Doğrudanmı, 21-ci əsrdə yol polisi sürücülərə qarşı bu cür oyunlar qurur? Doğrudanmı, bu boyda həngaməni görüb yığışdıran yoxdur?
O biri suallara cavab tapmasaq da, sonuncu sualın cavabını bilirik. Bəli, yol polisinin bu dəfə təqdim etdiyiimiz nöqsanla bağlı məlumatı var. Ən azından, həmin ərazidə xidmət aparan yol polisləri bunu çox gözəl bilirlər və bəzən planı doldurmaq üçün növbə ilə həmin ərazidə dayanıb 1-2 protokol yazandan sonra yerlərini dəyişirlər.
Avtosfer.az-ın çəkiliş apardığı budəfəki ərazi Üzeyir Hacıbəyli küçəsidir. Hökumət Evinin arxa tərəfi ilə hərəkət edən zaman svetofora çatmağa 100 metr qalmış ən soldakı zolaq üzərində sola dönməyə icazə verən nişanlanma xətti çəkilib. Sürücü həmin nişana əsaslanaraq sola dönür və yol polisi tində durub onu qarşılayır. Salam-sağoldan sonra yol polisi sürücüyə izah edir ki, bura giriş qadağandır. Bəli, həqiqətən də yoldakı nişanlanmaya əsaslanıb sola dönərkən bir də baxıb görürsən ki, qarşında «Giriş qadağandır» və «Dayanma-durma qadağandır» nişanları var. Burada vəziyyət elədir ki, sola dönənə qədər «Giriş qadağandır» nişanını görmək olmur. Yalnız döndükdə, qaydanı pozduqda nişanı görmək olur. Bu halda artıq gec olur və yol polisi İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsini əsas tutaraq 60 manat cərimə tətbiq edir. Hansı ki, burada yerdəki nişanlı göydəki nişan eyni vaxtda görünmür. Üstəlik, yerdəki nişanlı göydəki nişan arasındakı ziddiyətə görə sürücü məsuliyyət daşımamalıdır. Məsuliyyəti elə orada gizlənib plan dolduran yol polisləri daşımalıdır. Çünki «Yol patrul xidməti haqqında» Təlimatda qeyd olunur ki, yol patrul xidməti inspektoru dislokasiya üzrə təyin olunduğu ərazidəki yollarda çatışmazlıqları qeyd etməli, dərhal və ya işi başa çatdırıb növbəni təhvil verərkən öz raportunda bunları qeyd etməlidir. Amma uzun müddətdir şəhərin mərkəzi küçəsində belə bir ziddiyətli vəziyyətə görə yüzlərlə sürücüyə protokol yazan inspektorlar nədənsə bu çatışmazlığı qeyd etmirlər. Ya öz vəzifələrini düzgün bilib icra etmirlər, ya da qayda-qanundan xəbərsiz sürücüləri cərimələməkdən zövq alırlar.
Bu ərazidəki «Giriş qadağandır» nişanı ilə birlikdə tətbiq olunan «Dayanma-durma qadağandır» nişanı isə gülməli mənzərə yaradır. Adama deyərlər, bir yerə ki, giriş qadağandır, deməli, ora girmək olmaz. Olmazsa, deməli, dayanmaq da olmaz. Yəni, ora girən olmayacaqsa, kim dayanacaq? Odur ki, bu iki nişanın birlikdə tətbiqi bir qədər gülünc görünür. Bu təxminən belə məna verir ki, meşəyə girmək qadağandır, paltarlı da, paltarsız da…
Daha vacib bir məqamı da qeyd edim ki, həmin əraziyə girənlər də var, girib dayananlar da, duranlar da. Hamısı da AA, AS seriyalı bahalı avtomobillərdir…
Cənablar, giriş qadağandırsa, hamıya qadağandır, bacarmırsınızsa, camaatı ələ salmayın. Yolları, nişanları qaydaya salın və hamıdan da eyni şeyi tələb edin.
Elməddin Muradlı