Banner

Yol polisinin reydində biabırçılıq - VİDEO

Yazarlar 6 Fevral 2015 13:11 Oxunub 3355
Yol polisinin reydində biabırçılıq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP-nin «Ekologiya postu»ndakı reyddə xeyli sayda kobud qanun pozuntuları aydınca görünür

Son vaxtlar ölkənin müxtəlif yollarında Dövlət Yol Polisinin reydlər keçirməsinin şahidi oluruq. Yollarımızda intizamsızlığın yüksək olduğu indiki şəraitdə belə tədbirlər çox faydalıdır. Düşünsək ki, yol hərəkəti təhlükəsizliyinə səmərəli nəzarət yollarda lazımi intizama nail olunmasının əsas vasitələrindən biridir, onda DYP-nin belə işlərini yalnız müsbət dəyərləndirərək, onlara daha qətiyyətli olmağı arzu edə bilərik. Amma ....

Avtosfer.az bildirir ki, iki gün əvvəl “Ekologiya postu” kimi tanıdığımız yerdə axşam saatlarında keçirilən reydin televiziya kanallarında yayımlanan süjetinə baxdım. Həmin süjeti yol hərəkəti təhlükəsizliyi ilə bağlı təbliğatdan daha çox kütləvi qanunsuzluğun nümayişi adlandırmaq olar. 

Cənab yol polisləri, əziz qardaşlar! Həmin süjetdə sizin yol verdiyiniz xeyli sayda kobud qanun pozuntuları aydınca görünür. Həmin süjeti diqqətlə izlədiyini deyən hüquqşünas Ərşad Hüseynov aşkar etdiyi qanunsuzluqların bunlar olduğunu bildirdi:

1. Sərxoşluğu şübhə doğuran sürücünü xüsusi texniki vasitə ilə müayinə edirsiniz, amma yanınızda hal şahidləri yoxdur. Axı qanun belə demir. Sizin hal şahidləri olmadan apardığınız müayinənin nəticələri etibarsızdır və istənilən vətəndaş bunu mübahisələndirdikdə qəbul etdiyiniz qərar sözsüz, ləğv ediləcək. 

2. Yenə də sürücünü müayinə edirsiniz, amma heç bir sənəd yoxdur. Qanun isə deyir ki, sərxoşluğu şübhə doğuran sürücünün nəqliyyat vasitəsinin idarə edilməsindən kənarlaşdırılması və sərxoşluğun müayinə edilməsi, yaxud sərxoşluğun müayinəsi üçün göndərilməsi haqqında protokol tərtib edilməlidir. Həmin protokol hər bir halda müayinədən əvvəl tərtib edilməlidir, daha sonra hal şahidlərinin iştirakı ilə sürücü müayinə edilməlidir, yaxud müayinə üçün tibb müəssisəsinə göndərilməlidir.

3. Süjetdəki sürücülərdən biri deyir ki, sənədlərimi başqa yerdə unutmuşam. DYP əməkdaşı isə dərhal göstəriş verir ki, onun maşınını cərimə meydançasına aparsınlar. Bəs onda qanunun nəzərdə tutduğu saxlanılmanın səbəbinin aydınlaşdırılması üçün 3 saatlıq müddət nə üçündür? Həmin adam ağ yalan danışsa da, siz həmin 3 saata riayət etməlisiniz. Özü də bu çöllükdə yox, sizin xidmət etdiyiniz postda baş verir. Həmin vətəndaşın avtomobilini yolun kənarına çəkib sənədlərini gətirməsini, yaxud avtomobilin həqiqi sahibinin gəlməsini gözləmək nə problemdir? 

4. Müşahidə etdiyim ən aşkar qanun pozuntusu isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan duracağa qoyulan avtomobillərin DYP əməkdaşları tərəfindən sürülüb aparılmasıdır. Görəsən, həmin DYP əməkdaşlarına bu avtomobillərin sahibləri onların avtomobillərini sürməyə icazə verdilərmi? Süjetdə heç bir icazə görünmür. Amma qanun deyir ki, DYP əməkdaşı həmin avtomobili yalnız sahibi razı olduqda sürüb apara bilər. Əks təqdirdə, avtomobil evakuatora yüklənərək aparılmalıdır. 

Süjetdə başqa nöqsanlar da görünür  (məsələn, vətəndaşın avtomobilinə əyləşən DYP əməkdaşı təhlükəsizlik kəmərini bağlamadan sürüb gedir və s.). Əslində isə DYP əməkdaşının fəaliyyətində qanunlara ideal olaraq riayət edilməlidir. Bu fəaliyyət hər kəs üçün nümunə olmalıdır. 

Bir daha vurğulamaq istəyirəm ki, DYP-nin intizamsızlığa qarşı mübarizəsini birmənalı olaraq alqışlayıram. Amma bu fəaliyyət qanunvericiliyin bütün normalarına ideal uyğun olmalıdır. Qanunun nümayişkaranə şəkildə pozulması ilə həyata keçirilən istənilən fəaliyyət ən ülvi məqsədlərə yönəlsə də, arzulanan deyil. Çünki belə halda həmin fəaliyyəti həyata keçirənin peşəkarlığı şübhə altına alınır, bütövlükdə DYP-nin nüfuzuna xələl gəlir. Buna görə də bu tipli hallarda, xüsusən ictimai təbliğat üçün mühüm əhəmiyyəti olan və KİV-in işıqlandırdığı belə tədbirlərdə qanunlara yüksək dərəcədə riayət edilməli, DYP-nin peşakarlığı, ədalətliliyi, obyektivliyi nümayiş etdirilməli, hər kəsdə bu işlərin yol hərəkəti təhlükəsizliyinə yönəlmiş olduğu inamı formalaşdırılmalıdır. 

Hesab edirik ki, bu iradlarımız gələcəkdə bu tipli ictimai faydalı tədbirlərin həyata keçirilməsində nəzərə alınacaq. 

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh