Reklam

Yoldakı bu səhvə görə sürücülər və piyadalar hər gün qayda pozur - VİDEO

Yazarlar 30 Oktyabr 2015 12:27 Oxunub 2629
Yoldakı bu səhvə görə sürücülər və piyadalar hər gün qayda pozur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı şəhər İcra Hakimiyyətinin məsuliyyətsiz əməkdaşları dayanacağın içinə zebra çəkib; yol polisi sökdürəcək

Azərbaycanda yol hərəkətinin təşkili ilə bağlı bəzən elə eybəcər mənzərənin şahidi oluruq ki, başa düşmək olmur, bu işi görənlərin bu işdən anlayışı varmı, yoxsa, bəxtəbəxt işləyirlər?

Avtosfer.az-ın təqdim etdiyi bu video və fotolar Bakının ayrı-ayrı yerlərində çəkilib. Bəziləri təbii ki, hər şeyi normal qəbul edəcək. Amma burada anormallıq var. Diqqət edin; 5 nömrəli şəhər xəstəxanasının qarşısında avtobus dayanacağı var. Yan-yana iki piyada keçidi çəkilib ki, hər iki keçid birbaşa dayanacağın içərisinə istiqamətlənib. Bu vəziyyət həm piyadaların, həm də avtobus sürücülərinin hər gün qayda pozmasına səbəb olur. Avtobus sürücüləri məcburdur ki, avtobusu dayanacaqda saxlasınlar. Bu zaman istər-istəməz avtobus zebranın üstündə dayanmalı olur. Bu isə kobud qayda pozuntusudur.

Hər halda, avtobusdan düşən sərnişinlər də yolu keçmək üçün avtobusun üstündən tullanası deyillər. Bu üzdən də onlar avtobusun arxasından və ya qarşısından yolu keçərkən əksər hallarda piyada keçidindən yox, kənardan gedirlər. Ən yaxşı halda, yolu yarıya kimi keçidin kənarı ilə, yarıdan sonra keçidin üstü ilə keçə bilirlər. Bu da təbii ki, qəza şəraiti yarıdır.

Bundan əlavə, məlum məsələdir ki, əksər sərnişinlər dayanacaqda avtobus gözləyərkən səkidə yox, düşüb yolda dayanırlar. Bu gördüyünüz dayanacaqlarda isə zebra dayanacağın içinə çəkildiyi üçün sərnişin səkidə yox, yolda dayananda oradan keçən sürücülər çaş-baş qalır. Adam bilmir ki, orada dayananlar avtobus gözləyir, yoxsa yolu keçmək istəyir…

Bütün bunlar yol hərəkətinin təşkilində biabırçı mənzərədir və dərhal aradan qaldırılmalıdır. İşin maraqlı tərəfi də budur ki, bu zebraları həmin dayanacaqlara Bakı şəhər İcra Hakimiyyəti çəkib. Şəxsən bizə maraqlıdır ki, Bakı şəhər İcra Hakimiyyəti hara, yol hərəkətinin təşkili hara? Axı bu zebraları ora çəkərkən Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qərar verməli idi. Bu qərarı isə Dövlət Yol Polisi İdarəsi icra etməli və hərəkətin təhlükəsizliyini təmin etməlidir. Amma belə çıxır ki, bu zebralardan nə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının xəbəri var, nə də yol polisinin. Bunu Bakı şəhər İcra Hakimiyyəti «yenilik» kimi tətbiq etməyə başlayıb. Hansı ki, qanuna tamamilə ziddir.

Tutaq ki, Bakı şəhər İcra Hakimiyyətində bunu bilən yoxdur. Neçə vaxtdır bu zebraları Dövlət Yol Polisi İdarəsi görmürmü? Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası hara baxır?

Yol polisindən söz düşmüşkən, Baş Dövlət Yol Polisi İdarəsi belə zebraların bir neçəsini ləğv etmək üçün təkliflər hazırlayıb. İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, həqiqətən də bu gün piyada keçidlərinin – zebraların çəkilməsində müəyyən nöqsanlar var: «Əlbəttə, piyada keçidi zolaqları dayanacaqlardan kənarda olmalıdır. Çünki dayanacaqda piyada keçidi çəkildikdə orada dayanan avtobus artıq qayda pozmuş olur. Bununla bağlı artıq Dövlət Yol Polisi İdarəsi tərəfindən müvafiq tapşırıqlar verilib, həmin zolaqların yerləri müəyyənləşdirilib dəyişdiriləcək. Bu problem aradan qaldırılacaq».

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh